Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Rayon haqqında
13 Mart , 2015

Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Ağsu, Göyçay, Ucar, İmişli, Sabirabad, Hacıqabul və Zərdab rayonları ilə həmsərhəddir.
Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var. Kürdəmir -"Kür" və "Dəmir" sözlərindən olduğu ehtimal olunur (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin xası, başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənmişdir).

 

Kürdəmir - "kür dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni, Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəymir kimi adlanmış, zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir.

V. Alıyevin “Kürdəmir” qəzetində dərc olunmuş “Kür dəymir, yoxsa Kürd Əmir... ”  adlı məqaləsi də rayonumuzun tarixi ilə bağlıdır.
Ərazisi 163151 hektar olmaqla ölkə ərazisinin 1,9 %-ni təşkil edir. Rayon 23 inzibati ərazi vahidliyi, 1 şəhər, 2 qəsəbə, 30 bələdiyyə ilə əhatə olunmuşdur.

Ərazidə olan ümumi torpaq sahəsinin 116190 hektarı və ya 71,2 %-i rayonun istifadəsində, 46961 hektarı və ya 28,8 %-i isə Qaz, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının qışlaq sahələridir. Kənd təsərrüfatına yararlı 83359 hektar torpaq sahəsinin 52709 hektarı əkin yeri, 1097 hektarı çoxillik əkmələr, 73 hektarı dincə qoyulmuş sahə, 28480 hektarı isə örüş sahələridir.

 

Rayon ərazisinin meyilliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 0 200 m (dərinlik və hündürlük şkalası üzrə), havanın orta illik temperaturu 17,18 dərəcə, yağışların illik miqdarı 250-300 mm, küləyin sürəti 2-3 m/san, quru subtropik iqlimə xarakterikdir. Rayonun əsas fəaliyyəti bitkiçilik və heyvandarlığı inkişaf etdirmək olmaqla, son zamanlar bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq ticarət, xidmət və digər sahələr üzrə kiçik sahibkarlıq fəaliyyətinə geniş yer verilmişdir.

Rayonun ərazisindən Ağsu - Kürdəmir - Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt - Qazıməmməd - Kürdəmir - Yevlax yolunun 42 km (II dərəcəli), Bakı -Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir.
Rayonun Şığırlı kəndi ərazisində yerləşən "Qaratəpə" yaşayış yeri və qəbiristanlıq ilk orta əsrlərə aid olduğu ehtimal olunur.Ölkə əhəmiyyətli arxeoloji tarixi abidədir. Abidə dövlət tərəfindən qorunur.
Ərəbqubalı kəndi ərazisində "Şəhərgah" yaşayış mənətəqəsi IX –XI əsrdə Şirvan adlı şəhərin qalıqları olduğu ehtimal olunur. Abidədə son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyev tədqiqat işləri aparmışdır. Yerli əhəmiyyətli bu abidə dövlət tərəfindən qorunur.